İKİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ İNVESTİSİYA FORUMUNDA AZƏRBAYCANIN REGİONLAR ARASINDA STRATEJİ KEÇİD KİMİ ROLU MÜZAKİRƏ OLUNUB
25 sentyabr 2026
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiyada qlobal iqtisadi mühitdə dəyişikliklər, investisiya imkanlarının genişləndirilməsi müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya təşkil olunub.
Sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolu, investisiya imkanlarının genişləndirilməsi və ölkənin istehsal və regional dəyər zəncirlərində mövqeyinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə diqqət çəkib. Vurğulanıb ki, Azərbaycanda sabitlik və makroiqtisadi dayanıqlılıq, ölkəmizin artan beynəlxalq nüfuzu, təşəbbüsçüsü olduğu, dəyəri sərhədləri aşan strateji layihələr və öhdəliklərin icrası məhsuldar investisiyalar və regional dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün möhkəm təməllər formalaşdırır. Azərbaycanın enerji və nəqliyyat-logistika imkanları regionlararası iqtisadi əməkdaşlıqda və yeni investisiya əlaqələrinin formalaşmasında ölkəmizin rolunu genişləndirir.
Sessiya çərçivəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David arasında “Qlobal iqtisadi perspektivlər” mövzusunda yüksək səviyyəli müzakirə təşkil olunub. Müzakirədə qlobal iqtisadi mənzərədə baş verən dəyişikliklər, dünya iqtisadiyyatının inkişafına və investisiya proseslərinə təsir edən əsas meyillər nəzərdən keçirilib.
Sessiyanın davamında “The European House – Ambrosetti & TEHA Group”un baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımının mərkəzi qovşağı” mövzusunda təqdimatla çıxış edib.
“Euronews”un idarəedici redaktoru Ceyn Uizespunun moderatorluğu ilə keçirilən “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qlobal investisiya axınları fonunda Azərbaycan sülh gündəliyi, nəqliyyat və logistikanın inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılması vasitəsilə regional inteqrasiyanı sistemli şəkildə həyata keçirir. Qeyd olunub ki, Bakı–Tbilisi–Qars dəmir yolu yenidən qurulub və onun buraxılış qabiliyyəti bir neçə dəfə artırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə genişləndirilib. Nəticədə, ölkənin tranzit həcmləri son illər ən yüksək səviyyəyə çatıb. Həmçinin Ələt Azad İqtisadi Zonasının investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. Nazir ölkəmizdə ixracın şaxələndirilməsi, satış bazarlarının genişləndirilməsi, investor və sahibkarların kapital və əməliyyat xərclərinin azaldılması istiqamətində tətbiq edilən alətləri də diqqətə çatdırıb, investisiyaların təşviqi mexanizmlərinin prioritet sahələrə istiqamətləndirildiyini bildirib.
Müzakirədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Pakistanın rabitə üzrə federal naziri Aleem Khan, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmishi, Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda iştirak ediblər. İştirakçılar qlobal iqtisadi və geosiyasi proseslərin ölkələrin iqtisadi inkişafına təsiri, regional əməkdaşlığın və investisiya əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi imkanların formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini isə müzakirələrə ekspert qismində münasibət bildirib.
Digər Xəbərlər
24.09.2026
23.09.2026
23.09.2026
22.09.2026
22.09.2026
22.09.2026