header-img

Xəbərlər

İQTİSADİYYAT NAZİRLİYİNDƏ BƏƏ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

29 aprel 2026

BƏƏ ilə birgə investisiyaların təşviqi və icra olunan layihələr nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyində dövlət naziri, Azərbaycan – BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və tərəfdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün əlverişli zəmin yaradır.

Tərəflər Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, biznes əlaqələrinin və işgüzar dairələr arasında əməkdaşlığın dinamik inkişafıbirgə investisiyaların təşviqi barədə fikir mübadiləsi aparıblar. İki ölkə arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Bununla yanaşı, sənaye, enerji, nəqliyyat, logistika, turizm və digər istiqamətlərdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə bərpa olunan enerji, mədənçilik, daşınmaz əmlak, müasir infrastruktur, tranzit potensialının inkişafı, o cümlədən kənd təsərrüfatı sahələrində tərəfdaşlığın geniş perspektivlərə malik olduğu bildirilib.

Digər Xəbərlər